REGİONLAR
Ermənistanın təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb FOTO VİDEO
Tərtər, 27 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.
Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhər ərazisində bərpa və təmir-tikinti işlərinə başlayıb. Tərtər rayonunda işlərin gedişi ilə tanış olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov jurnalistlərə müsahibəsində bildirib ki, qısa müddət ərzində zəruri hazırlıq işləri aparılıb, iş həcmləri dəqiqləşdirilərək ərazilər üzrə qruplaşdırılıb, ziyan dəymiş hər bir şəhər və rayon ərazisində təmir-tikinti işlərinə start verilib. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, habelə Tərtər, Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.
Dəymiş ziyanın aradan qaldırılması məqsədilə təmir olunacaq və ya yenidən qurulacaq obyektlərin əksəriyyətini qismən zədələnmiş və ya tamamilə dağıdılmış fərdi yaşayış evləri təşkil edir. Təmiri, bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində 2, 3, 4, 5 otaqlı eynitipli evlərin inşası nəzərdə tutulur. Bununla yanaşı, ziyan dəymiş tikililər sırasında çoxmənzilli binalar, sosial və sahibkarlıq obyektləri də var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqları rəhbər tutaraq, insanların mümkün olan ən qısa müddət ərzində doğma şəhər və qəsəbələrində əvvəlki həyata qayıtması, rahat və təhlükəsiz yaşayış və iş şəraitinin təmin olunması məqsədilə təxirəsalınmaz tədbirlər yerinə yetirəcək, bunun üçün bütün zəruri resurslarını səfərbər edəcək.