DÜNYA
“Eset”antivirus şirkəti “Threat Intelligence” korporativ servisini təqdim edib
Bakı, 1 noyabr, AZƏRTAC
"Eset" beynəlxalq antivirus şirkəti müştəriləri məqsədli hücumlar, yeni zərərli proqramlar və botnetlərin aktivliyi barədə xəbərdar etməklə, təşkilatlara kibertəhlükələrə vaxtında reaksiya verməkdə yardımçı olacaq "Threat Intelligence" korporativ servisini təqdim edib.
AZƏRTAC "DailyComm" resursuna istinadən xəbər verir ki, servis "Eset" şirkətinin dünyada 100 milyon sensor, "ESET LiveGrid" "bulud" sistemi və digər bu kimi məhsul və texnologiyalarına əsaslanır.
"Eset Threat Intelligence" əsasən informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri göstərən şirkətlər üçün nəzərdə tutulur. Servis müştərinin şəbəkə infrastrukturunda qurulma tələb etmir və digər təhlükəsizlik vasitələri ilə tam uyğun gəlir.
Məlumata görə, yeni servis, həmçinin IP ünvanlarının operativ bloklanması üçün botnetlərin izlənilməsini, şübhəli faylların avtomatik təhlilini və şirkətlərin "SIEM" sistemləri ilə inteqrasiya çərçivəsində məlumatların tədarükünü təmin edir.
Qeyd edək ki, "IDC" analitik şirkəti 2020-ci ilədək kibercinayətkarların dünya iqtisadiyyatına 1 trilyon dollar məbləğində ziyan vuracağını proqnozlaşdırır.