SİYASƏT


Estoniyada Zəfər Günü münasibətilə tədbir keçirilib

Tallin, 9 noyabr, AZƏRTAC

Estoniyada 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Estoniyadakı səfirliyi və Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib.

Səfir, həmçinin Azərbaycanın hərbi sahədə qazandığı qələbələrin, xüsusilə Qarabağın tacı sayılan Şuşanın düşmən əsarətindən qurtarılmasının müharibənin taleyində həlledici rol oynadığını, Azərbaycan xalqının düşmən üzərində tarixi Zəfər çaldığını, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edildiyini vurğulayıb.

Türkiyənin Estoniyadakı səfiri Süleyman İnan Özyıldız Azərbaycan torpaqlarının erməni işğalından azad olunması ilə bağlı ölkəsinin Azərbaycanla Qələbə sevincini bölüşdüyünü vurğulayıb. O, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin, eləcə də Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun əhəmiyyətini qeyd edib.

Estoniya Parlamentində (Riigikoqu) Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədri Sven Sester çıxışında 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizə ən xoş arzularını çatdıraraq bir neçə gün bundan öncə Azərbaycanda səfərdə olduğunu, bir sıra konstruktiv görüşlər keçirdiyini, eyni zamanda, işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərək orada gördüklərindən dəhşətə gəldiyini bildirib. O, həmin ərazilərdə bərpa işlərinin tezliklə tamamlanmasını və azərbaycanlıların həmin ərazilərə yaxın zamanda qayıtmasını arzu etdiyini deyib. Eyni zamanda, Sven Sester, Estoniya tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daim dəstəkləndiyini xüsusi olaraq vurğulayıb.

Tədbirin davamı olaraq, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra azərbaycanlı gənc musiqiçilər tərəfindən Zəfər Gününə həsr edilən musiqi parçaları ifa edilib. Mərasimin sonunda Azərbaycan milli mətbəxinin nemətləri qonaqlara təqdim olunub.

Tədbirdə, həmçinin Qazaxıstanın Estoniyadakı səfiri Nurlan Seitimov, Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədr müavini Mihail Korb, Türkiyənin və Moldovanın bu ölkədəki səfirliklərinin əməkdaşları, eləcə də Estoniya Azərbaycan icmasının nümayəndələri və Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.