İDMAN
Estoniyada sumo üzrə XXIII Avropa çempionatına yekun vurulub
Bakı, 22 aprel, AZƏRTAC
Tallində sumo üzrə XXIII Avropa çempionatına yekun vurulub.
Azərbaycan Sumo Federasiyasından (ASF) AZƏRTAC-a bildiriblər ki, yarışlarda ölkəmizi Camal Feyziyev (115 kq), Avropa çempionları Məhərrəm Eyvazov (60 kq) və Çingiz Səmədov (100 kq), qitə birinciliyinin mükafatçısı Cavid Feyziyev (115 kq) və Azərbaycan çempionu Nahid Vəliyev (60 kq) təmsil ediblər.
Yarışın birinci günündə C.Feyziyev mütləq və 115 kiloqramdan yuxarı çəki dərəcələrində Avropa çempionu olub. Çempionatın ikinci günündə Ç.Səmədov 100 kiloqram çəki dərəcəsində qitə birinciliyinin qalibi adını qazanıb. C.Feyziyev isə 23 yaşadək idmançılar arasında mütləq çəki dərəcəsində gümüş, 115 kiloqramdan yuxarı çəki dərəcəsində isə bürünc medala layiq görülüb.
Yarışların sonunda Avropa Sumo Federasiyasının vitse-prezidenti, ASF-in prezidenti Samir Abdullayev Avropa Sumo Federasiyasının prezidenti Dariuş Rozum tərəfindən sumo üzrə 5-ci Dan sertifikatı ilə təltif olunub.
Çempionatda qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edib.
Qeyd edək ki, Avropa çempionatında 17 ölkədən 300-dən çox idmançı gücünü sınayıb.