DÜNYA
Estoniyada xəstəxanaların modernləşdirilməsinə 25 milyon avro investisiya qoyulacaq
Tallin, 18 may, AZƏRTAC
Estoniyada xəstəxanaların modernləşdirilməsinə əlavə olaraq 25 milyon avro investisiya qoyulacaq.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, layihə koronavirus pandemiyasına qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Avropa “REACT-EU” fondu tərəfindən maliyyələşdiriləcək.
Bildirilib ki, bu vəsaitlə bəzi xəstəxanaların yenidən qurulması və yeni binaların inşası planlaşdırılır. Layihənin ümumi büdcəsinin 38 faizi enerji səmərəliliyinin artırılmasına xərclənəcək.
Xatırladaq ki, REACT-EU fondu Estoniyada vaksinasiya, koronavirus testləri, qayğı evlərinin infeksion tələblərə uyğun olaraq modernləşdirilməsi, xəstəxanaların böhranlara hazırlığını yüksəltmək və COVID-19 monitorinq tədqiqatları üzrə xərclərin ödənilməsi daxil olmaqla 88 milyon avro ayırıb. Avropa fondunun ayırdığı vəsaitlər 2020-2023-cü illərdə istifadə üçün nəzərdə tutulub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin