İQTİSADİYYAT
“Euroclear” səhmdarların identifikasiyası üzrə yeni xidmət təqdim edib
Bakı, 4 may, AZƏRTAC
“Euroclear” səhmdarların identifikasiyası üzrə Fransa, Belçika və Niderlandda yerləşən mərkəzi depozitarları üzərindən “InvestorInsight™” adlı yeni xidməti istifadəyə verib.
Milli Depozit Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “InvestorInsight” emitentlər və vasitəçi qurumlar üçün nəzərdə tutulmuş bulud əsaslı xidmətdir. Təqdim olunmuş xidmət yeni Səhmdarların Hüquqları Direktivi II ilə müəyyən edilmiş standartlara uyğun olaraq rahat veb-proqram vasitəsilə emitentlərə məlumatın açıqlanması ilə bağlı sorğuları idarə etmək və bütün səhmdarlar barədə tam təsvir almaq imkanını verəcək. Səhmdarlardan gələn bütün cavabların monitorinqini və toplanmış məlumat əsasında hesabatların hazırlanmasını təmin edən bu xidmət növü şəffaflığı qoruyaraq emitentlər üçün korporativ idarəetmənin və investor bazası ilə kommunikasiya prosesinin təkmilləşdirilməsi üçün yeni imkanlar yaradacaq.
Emitentlər və vasitəçi qurumlar ilə sıx əməkdaşlıq edərək pilot mərhələsində130-dan çox ölkədən 300 mindən artıq səhmdar identifikasiya edilib, 600 vasitəçi qurum “InvestorInsight”a qoşulub.