MƏDƏNİYYƏT
“Euronews” telekanalında Azərbaycanda Novruz bayramının qarşılanmasından bəhs edən veriliş nümayiş olunub VİDEO
Paris, 31 mart, AZƏRTAC
Dünyanın bir çox ölkələrində, o cümlədən Fransada yayımlanan “Euronews” televiziya kanalının martın 30-da fransız jurnalisti Monika Pinnanın Azərbaycanda Novruzun qarşılanmasından bəhs edən “Azərbaycan: Novruzda bütöv alovlar” sərlövhəli verilişi təqdim olunub.
Verilişin əvvəlində müxtəlif rənglərlə müşahidə olunan Novruz simvollarının baharın gəlişindən xəbər verdiyi, bu bayramın dünyanın 300 milyon insanı tərəfindən qeyd edildiyi, Novruzun yeni ilin gəlişindən xəbər verdiyi və bu bayramın Yeni il kimi Mərkəzi Asiya ölkələrində, habelə Azərbaycanda xüsusi təntənə ilə qeyd olunduğu diqqətə çatdırılıb.
Mərkəzi və Cənubi Asiyadan keçməklə Xəzər dənizindən tutmuş Balkanlara qədər uzanan bir məsafədə Novruz bayramının Yeni ilin gəlişi kimi qeyd edildiyi xatırlanan verilişdə Novruz bayramının 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi və bu bayramın Azərbaycanın bütün guşələrində qeyd edildiyi, el şənliyinə bir ay qalmış hazırlıq görüldüyü vurğulanıb.
Verilişdə folklorşünas ekspert Seyfəddin Rzasoya istinadən dünyanın dörd elementdən - torpaqdan, oddan, sudan və havadan yaranması, bayramın sonuncu çərşənbəsində təbiətin oyanmasından bəhs edən fikirləri xüsusi vurğulanıb.
Bayram günləri Bakının müxtəlif bazarlarında rastlaşdığı məhsul bolluğundan danışan müəllif Azərbaycan mətbəxinin zənginliyinin, un məmulatından hazırlanan müxtəlif dadlı təamların onda doğurduğu təəccüb hisslərini diqqətə çatdırıb.
Azərbaycanlıların bayram süfrəsindən bəhs edən M. Pinna balıq ləvəngisinin hazırlanma texnologiyasından, bu nemətin vətəninin Lənkəran olmasından söz açıb, bayram günlərində və el şənliklərində plovun Mərkəzi Asiyada və Qafqazda süfrənin şahı kimi dəyərləndirib, plovun yüzdən artıq növündən danışıb.
Yazın gəlişinin simvollarından biri kimi Səmənidən söhbət açan müəllif bayram günləri hər evdə Səməninin, onunla birlikdə şam və digər əşyaların olmasının vacibliyini vurğulayıb və qeyd edib ki, bu, artıq bir ənənədir.
Müəllif neft və qaz kimi yeraltı sərvətlərlə zəngin olan ölkəmizdə bayram şənliyi qeyd olunarkən tonqal qalandığını və onun üzərindən tullanmanın da bir rəmzi mənası olduğunu qeyd edib.
Materialın tam mətni ilə fr.euronews.com saytında tanış olmaq olar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris