REGİONLAR
Evdə qalaq, bostan əkək, ekoloji təmiz məhsul yetişdirək
Füzuli, 30 mart, AZƏRTAC
Koronavirus təhlükəsinin ölkəmizdə geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. Epidemiyaya qarşı mübarizə tədbirləri sırasında Füzuli Rayon İcra Hakimiyyəti də maraqlı təşəbbüslə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən hazırlanmış “Evdə qalaq, bostan əkək, ekoloji təmiz məhsul yetişdirək" adlı maarifləndirici izahat işlərinə start verilib. Bu məqsədlə icra hakimiyyətinin əməkdaşları yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələrlə birgə rayonun işğaldan azad edilmiş ərazilərində əhali arasında maarifləndirici söhbətlər aparırlar. Müəyyənləşdirilmiş qrafik əsasında ərazi üzrə fərdi təsərrüfatlara baxış keçirilir, sakinlərlə söhbətlər aparılır, məşğulluqlarını düzgün qurmaları, o cümlədən bostan-tərəvəz bitkilərinin əkilməsi istiqamətində tövsiyələr verilir.