CƏMİYYƏT
Evdən pul, qızıl üzük və mobil telefon oğurlayan qadın tutulub
Bakı, 23 iyun, AZƏRTAC
Sumqayıt şəhərində və Abşeron rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
Abşeron rayonunda evlərin birindən 20 manat məbləğində pul, 800 manat dəyərində qızıl üzük, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
İyunun 20-də Sumqayıt şəhəri ərazisində səkkiz yaşayış binasının girişlərində quraşdırılmış internet naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Xanbalayev isə Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam edir.