DÜNYA
“ExxonMobil” şirkətinin zavodunda yanğın baş verib
Vaşinqton, 13 fevral, AZƏRTAC
ABŞ-ın Luiziana ştatında, “ExxonMobil” şirkətinin neft emalı zavodunda baş vermiş yanğın Baton-Ruj şəhərini böyük tüstü dumanına bürüyüb.
AZƏRTAC şirkətin press-relizinə istinadla xəbər verir ki, yanğın fevralın 12-də gecə saat 11:30-da başlayıb. Baton-Ruj şəhərinin yanğından mühafizə xidmətinin mətbuat katibi Kurt Monte bildirib ki, insident zamanı heç kəs ziyan çəkməyib. Alov yerli yanğınsöndürənlərin çevik reaksiyası nəticəsində söndürülüb. Yerli KİV-lərin məlumatına görə, alov kilometrlərlə uzanan məsafədən görünüb. Yanğının səbəbləri hələlik açıqlanmayıb.
“ExxonMobil” Luizina ştatının əhalisini işlə təmin edən iri şirkətdir. Baton-Ruj şəhərindəki neft emalı zavodu Birləşmiş Ştatlarda böyüklüyünə görə beşinci zavoddur. Şirkət benzin, reaktiv yanacaq və bir çox digər neft məhsulları, habelə kimya zavodunda boya və yapışqan istehsal edir.
AZƏRTAC-ın Vaşinqton bürosu