CƏMİYYƏT
FAO məktəblilərin daha sağlam və yetərincə qidalanması komponentlərini müəyyənləşdirir
Bakı, 11 dekabr, AZƏRTAC
Dünyada aclıq probleminin artdığı bir vaxtda Avropa və Mərkəzi Asiya ölkələrində ərzaq məhsullarının çatışmazlığından çox onların keyfiyyəti məsələsi daha aktual olub. Böyüklərin və uşaqların əksər hissəsi yetərincə qidalanmama səbəbindən bir və ya bir neçə ciddi problemlərdən əziyyət çəkirlər. Onların arasında boyun qısa qalması, halsızlıq, piylənmə, qida mikroelementlərinin az olması var. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mətbuat üçün açıqlamasında yer alıb.
Yetərsiz qidalanmanın uşaqların sağlamlığına, təhsil almaq qabiliyyətinə və gələcəkdə əmək məhsuldarlığına təsiri fonunda daha təmiz və keyfiyyətli qida rasionunun populyarlaşdırılması məktəblərin inkişaf proqramında da yer almalıdır. FAO bu məqsədlə dekabrın 11-dən 13-dək Minskdə Avropa və Mərkəzi Asiya regionunda məktəblərin ərzaq təminatı və qidalanma ilə bağlı regional seminar təşkil edib. Bu tədbir təşkilatın Rusiya Federasiyası tərəfindən maliyyələşdirilən Qafqaz və Mərkəzi Asiyada ərzaq təhlükəsizliyi və qidalanmanın keyfiyyəti layihəsinin tərkib hissəsidir.
Təhsil müəssisələrinin birinci vəzifəsi tədrisin təşkili olsa da, onlar yetərincə qidalanmanın həyata keçirilməsi üçün unikal imkanlara malikdirlər. Regional seminarda aparılan müzakirələrin mərkəzində məktəblərdə yaxşı qidalanmanın təmin edilməsi və regionda bu məsələyə yeni yanaşma məsələləridir. Bundan başqa, tədbirin gündəliyinə ölkələrin bu sahədə təcrübəsi, innovativ ideyalar və hökumətlərin məktəb qidalanmasına yanaşmaların təkmilləşdirilməsində tərəfdaşları olan donor müəssisələrlə birgə əməkdaşlığıdır.
FAO-nun layihəsinin baş əlaqələndiricisi Maurisio Rozales qeyd edib ki, məktəblərdə qidalanmanın kompleks həlli, uşaqların fiziki və əqli inkişafının təmin edilməsi üçün ailəvi fermer təsərrüfatlarının cəlb olunması, həmçinin kənd rayonlarına yardım göstərilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, seminarda işlənib hazırlanacaq prinsiplər ölkələr üçün praktik tövsiyələrə daxil ediləcək və FAO-nu, habelə donor təşkilatları institusional, sosial, iqtisadi, ekoloji dayanıqlı məktəb qidalanması proqramlarının həyata keçirilməsinə istiqamətləndirəcək.
FAO-nun məlumatına görə, son on illər Avropa və Mərkəzi Asiyada qida təhlükəsizliyi sahəsində vəziyyət yaxşılaşıb. Lakin Qafqaz və Mərkəzi Asiyada yetərsiz qidalanma və uşaqların boyatma problemləri hələ də qalır. Belə ki, dəmir, A vitamini, yod və sink çatışmazlığı xüsusən uşaqlar arasında geniş yayılıb. Bütün bunlar göstərir ki, sözügedən sahədə yeni proqramların hazırlanması və həyata keçirilməsinə ehtiyac duyulur.