CƏMİYYƏT
FAO-nun baş direktoru: Qida Təhlükəsizliyi İnstitutu dünyanın ən qabaqcıl laboratoriyalarına malikdir
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları dünyanın ən qabaqcıl laboratoriyalarından biridir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.
O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: “Hətta mən burada ən son nəsil avadanlıqlar gördüm ki, buna qibtə etməmək mümkün deyil. Cihazlar və avadanlıqlarla yanaşı, burada müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir”.
Qu Donqyu qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti Azərbaycan üçün böyük önəm daşıyır: “Burada həm də işçi heyət peşəkardır, səriştəlidir, eləcə də lazım olan bütün şərait və avadanlıqlar mövcuddur. Eyni zamanda, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi kodeksləri və təlimatları var ki, onlara riayət olunması da çox önəmlidir”.