CƏMİYYƏT
FHN Bakı Metropoliteninin “Sahil” stansiyasında təlim-məşq keçirib
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC ilə razılaşdırılmış cədvələ əsasən, metronun “Sahil” stansiyasında təlim-məşq təşkil edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlim-məşqin əsas mövzusu “Sahil” stansiyasının eskalatorunun yüksək gərginlikli kabel xəttində şərti yanğın hadisəsinin söndürülməsi olub.
Şərti yanğın hadisəsi barədə FHN-in 112 - qaynar xəttinə məlumat verilib. Metropolitenin işçiləri ilkin yanğınsöndürmə vasitələri ilə yanğını söndürməyə başlayıblar. Sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın avtomobilləri və canlı qüvvəsi gələrək qısa vaxtda şərti yanğını söndürüb.
Təlim-məşq başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları bir daha izah edilib.