CƏMİYYƏT
FHN: Düşmənin yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması nəticəsində mülki obyektlərdə yanğınlar baş verib VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-a qədər Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub. Əraziyə cəlb olunmuş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğının qarşısı alınaraq mənzilin bir hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Bundan başqa, düşmənin atdığı mərmilər Tərtər rayonunda iki ünvanda və Ağdam rayonunda bir ünvanda vətəndaşlara məxsus təsərrüfat obyektlərində yanğın törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.