SİYASƏT


FHN: Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terrora da əl atmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonu ərazisinin Ermənistan Respublikasının ərazisindən mərmi atəşlərinə məruz qalması nəticəsində mürəkkəb relyefli meşəlik ərazidə yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülərək, geniş sahəyə yayılmasının və sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Ümumilikdə 10 hektara yaxın sahədə quru ot, kol-kos və qismən ağaclar yanıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.