CƏMİYYƏT
FHN: Ötən sutka 33 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 18 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla 15 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı 1948-ci il təvəllüdlü Elen Abdulabəyovanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.