CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 52 halda yanğına çıxış əməliyyatları həyata keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 52 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 8 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaq 7 nəfər xilas edilib. Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Həmçinin sentyabrın 24-də Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun meyiti nazirliyin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, Bakının Binəqədi və Xəzər rayonlarında intensiv yağışlar nəticəsində yaranmış fəsadlar aradan qaldırılıb.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.