CƏMİYYƏT
FHN: Ötən sutka ərzində beş nəfər xilas edilib
Bakı, 14 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 68 halda yanğına çıxış, 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib.
Həmçinin Şəmkir rayonunda “QAZel” markalı yük avtomobili ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun və 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlunun meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.