CƏMİYYƏT
FHN Yasamal rayonundakı yanğınla bağlı yeni məlumat yayıb VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Xəbər verildiyi kimi, iyunun 24-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə yerinin kəşfiyyatı zamanı yanğının onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın tətbiqi, yanğınsöndürən və xilasedicilərin çevik, peşəkar və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğının genişlənib qonşu mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.
Yanğın zamanı ümumi sahəsi 77 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyası və ev əşyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub və 56 nəfər bina sakini təxliyə olunaraq təhlükəsizlikləri təmin edilib.