CƏMİYYƏT
FHN-in ANAMA-da təlim keçmiş əməkdaşlarına sertifikatlar təqdim olunub VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində (XRXX) Xidmətin Kinoloji qrupunun Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) təlim keçmiş bir qrup əməkdaşına sertifikatların təqdim olunması mərasimi keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və ANAMA-nın direktoru Qəzənfər Əhmədov iştirak ediblər.
Əvvəlcə nazirliyin ANAMA-da təlim keçmiş əməkdaşlarının nümunəvi təlimlərinə baxış keçirilib.
ANAMA-nın əməkdaşlarının da iştirak etdikləri təlimlər zamanı şərti hadisə yerinin 100 metr radiusda ətrafındakı şəxslər təxliyə edilib. İlkin olaraq kinoloq tərəfindən əraziyə partlayıcı maddə axtarışını həyata keçirən xüsusi təlim keçmiş it gətirilib. İt müvafiq siqnal verərək (oturaraq) çantada partlayıcı maddənin olduğunu təyin edib. Bundan sonra, minalardan təmizləmə üzrə çevik qrupun şəxsi heyəti çantada həqiqətən partlayıcı qurğunun olmasını, əgər partlayıcı qurğu varsa, onun işə düşmə prinsipini təyin etmək məqsədilə portotiv rentgen qurğusundan istifadə edib. Şəxsi heyətin həyat təhlükəsizliyinin mümkün qədər təmin olunması məqsədilə rentgen qurğusu robot texnikası vasitəsilə uzaqdan idarə edilərək çantanın yanına yerləşdirilib. Çantanın rentgen edilməsi nəticəsində şərti partlayıcı qurğunun olduğu müəyyənləşdirilib. Müvafiq şərait və situasiya nəzərə alınaraq partlayıcı qurğunun su topu (disrupter) vasitəsilə zərərsizləşdirilməsi qərara alınıb. Bir nəfər mütəxəssis-istehkamçı tam təchiz olunmuş qoruyucu geyim geyərək su topunu çantanın yanına yerləşdirib və oradan uzaqlaşıb. Müəyyən olunmuş məsafədən partlayış üsulu ilə su topundan atəş açılıb və şərti partlayıcı qurğu zərərsiz hala gətirilib.
Təlimlərdən sonra XRXX-nin ANAMA-da təlim keçmiş bir qrup əməkdaşına ANAMA-nın direktoru Qəzənfər Əhmədov tərəfindən beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.