REGİONLAR
FHN-in Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Yevlax, 18 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Aran Regional Mərkəzinin həyətində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra tədbirin açılışında çıxış edən Aran Regional Mərkəzinin rəis müavini mayor Ruhan Nəsibov, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul işçisi Bəhruz Məmmədov, Yevlax şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ümidvar Mamedov və digərləri yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Mingəçevir şəhər N.Ahəngali adına 13 saylı tam orta məktəb I yeri, Ucar rayon S.Salahov adına Qazıqumlaq kənd 1 saylı tam orta məktəb II yeri, Xocalı rayon 4 saylı tam orta məktəb isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunublar.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.