CƏMİYYƏT


FHN-in Bakı Regional Mərkəzi Binəqədi rayonunda müşavirə keçirib

Bakı, 13 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi noyabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyətində mülki müdafiə sahəsində cari ilin yekunu və gələn il qarşıda duran vəzifələrlə bağlı metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin vəziyyətinin, bu sahədə problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olub. Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılması da tədbirin məqsədlərindən olub.

Toplantıda Binəqədi Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri, o cümlədən Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında məruzələr dinlənilib. Çıxışlarda rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Toplanış zamanı rayonun mənzil-kommunal təsərrüfatı birliyi və aidiyyəti obyektlərin rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.

Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar ediblər. Çıxışlarda 2018-ci və 2019-cu illərin doqquz ayında Bakıda baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikası, eləcə də yanğınların başvermə səbəbləri barədə məlumat verilib, onlardan qorunma yollarına dair tövsiyələr səsləndirilib.

Müşavirədə aidiyyəti qurumların əməkdaşları “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.

Tədbirdə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Sonda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.