CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
Bakı, 29 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Masallı Dövlət Regional Kollecində rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqdə FHN-in Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin rəhbər heyəti, mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı fövqəladə hadisə üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.
Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülən işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.