CƏMİYYƏT
FHN-in Cənub Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib
Bakı, 13 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında mayın 13-də “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Əvvəlcə, Cənub Regional Mərkəzinin həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirin açılışında Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil idarəsinin, Gənclər və İdman Nazirliyi Lənkəran Şəhər Gənclər və İdman idarəsinin nümayəndələri çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbi birinci yeri, Lənkəran rayon V.Qasımov adına Digah kənd tam orta məktəbi ikinci yeri, Yardımlı rayon S.N.Abiyev adına Köryədi kənd tam orta məktəbi isə üçüncü yeri tutub. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.