CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbirləri keçirib
Bakı, 16 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin Kəpəz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə Gəncə şəhərinin Kəpəz rayonundakı yataqxana binasında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon Qaz İstismarı Sahəsinin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və yataqxananın sakinləri iştirak ediblər.
Maarifləndirmə tədbirində “Yataqxana binaları üçün yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 - qaynar telefon xəttinə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məlumat verilib.
Tədbirdə, həmçinin yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara aparan yolların maneəsiz, daim açıq, ərazinin təmiz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb, yanğın zamanı insanların binadan təxliyə qaydası izah olunub.
İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq tədbirdə nümayiş etdirilib, suallar cavablandırılıb.