CƏMİYYƏT
FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir
Bakı, 6 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları çimərlik mövsümü ilə əlaqədar sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müfəttişliyin əməkdaşları tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki çimərlik ərazisində hidrosikl istifadəçisi tərəfindən “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət” və “Kiçik həcmli gəmilərin texniki nəzarəti” qaydalarının pozulduğu müəyyən edilib. Hidrosikl istifadəçisi barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Çimərlik mövsümü ilə əlaqədar olaraq müfəttişlik tərəfindən nəzarət tədbirləri davam etdiriləcək.