İDMAN
FHN qurumları arasında keçirilən stolüstü tennis çempionatına yekun vurulub
Bakı, 15 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin həmkarlar ittifaqı martın 13-dən 15-dək nazirliyin qurumları arasında stolüstü tennis çempionatı təşkil edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, klubun idman zalında təşkil edilən çempionata 17 komandanın heyətində 60-dək idmançı qatılıb. Dairəvi sistem üzrə mübarizə aparan idmançılar həm şəxsi, həm də komanda hesabında yarışıblar.
Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) birinci, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) ikinci, Şimal Qərb Regional Mərkəzinin (ŞQRM) komandası isə üçüncü yeri tutub.
Şəxsi hesabda isə Əli Bayramov (Xüsusi Riskli Xilasetmə Xidməti), Faiq Nəcəfi (FHN-in Akademiyası) və Rüstəm Buğluyev (Mülkü Müdafiə Qoşunları) müvafiq olaraq ilk üç pillədə yer alıblar.
FHN İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov qalib idmançıları qələbə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara növbəti yarışlarda da uğurlar arzulayıblar.
Sonda qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.