CƏMİYYƏT
FİFA iqlim dəyişikliklərinə qarşı BMT-nin mübarizəsini dəstəkləyib
Bakı, 9 sentyabr, AZƏRTAC
Beynəlxalq idman təşkilatları arasında FİFA birinci olaraq iqlim dəyişiklikləri ilə mübarizə üzrə BMT-nin kampaniyasına qoşulub. Təşəbbüsün məqsədi qlobal temperaturun Selsi üzrə iki dərəcə aşağı səviyyədə saxlanılmasına nail olmaqdan ibarətdir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, “Now Neutral Climate” adlı kampaniya qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə birgə atmosferə atılan zərərli tullantıların həcminin azaldılmasına yönələn fəaliyyəti nəzərdə tutur.
BMT və FİFA-nın tərəfdaşlığı ilə bağlı təntənəli təqdimat mərasimi keçirilib. Mərasimdə iştirak edən federasiyanın baş katibi Fatma Samur deyib: “FİFA tədbirlərdə milyardlarla tamaşaçı toplayır. Bu isə iqlim dəyişiklikləri məsələsinə diqqətin cəlb edilməsi üçün ən effektiv vasitədir”.
BMT-nin baş katibi Pan Gi Munun adından bəyanatı isə onun xüsusi müşaviri Devid Nabarro oxuyub. Sənəddə bildirilir: “Biz dünyanın hər yerindən özəl şəxsləri və təşkilatları bu mühüm təşəbbüsə qoşulmağa çağırırıq. Səylərimizi birləşdirsək, planetdə bütün insanlar üçün daha firavan, daha təhlükəsiz və daha sağlam bir dünya qura bilərik”.
BMT ümid edir ki, digər beynəlxalq idman təşkilatları da FİFA-dan nümunə götürərək ümumi məqsədlərə çatmaq naminə iqlim dəyişmələri ilə mübarizə kampaniyasına qoşulacaqlar.