SİYASƏT
FİONA HİLL: AZƏRBAYCAN SEÇİCİLƏRİ OKTYABRIN 15-DƏ ÖLKƏNİN GƏLƏCƏYİNİN MÜƏYYƏNLƏŞDİYİNİ YAXŞI ANLAYIRLAR
Bəzi müxalifət qəzetləri Fiona Hillin “Vaşinqton Profayl” elektron informasiya vasitəsinə müsahibəsinin tərcüməsindəki təhriflərə istinadla həqiqətə uyğun olmayan xəbərlər yaymışdır. Bununla əlaqədar Fiona Hill AZƏRTAC-ın Vaşinqton müxbirinə müraciət edərək, onun sözlərinin bu qədər təhrif edilməsindən təəssüfləndiyini bildirmiş və nüfuzlu analitik mərkəzin rəyindən öz maraqları üçün istifadə edən qüvvələri pisləmişdir. O, AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanda seçkilərə dair avqust ayında rusdilli “Vaşinqton Profayl” elektron informasiya vasitəsinə verdiyi müsahibəsinin təfsilatını söyləyərək demişdir: “Mən “Vaşinqton Profayl”ın Azərbaycanda seçkilərə dair suallarına avqust ayında cavab vermişdim. Müsahibə isə, informasiya vasitəsi tərəfindən sentyabrın sonunda yayılmışdır. Avqustda deyilənləri sentyabrın sonunda Azərbaycandakı vəziyyətə qətiyyən şamil etmək olmaz. O vaxtdan bəri Azərbaycanda dəyişikliklər baş vermişdir - seçkiqabağı kampaniya başlamışdır və siyasi qüvvələrin nisbəti daha aydın görünür. İlham Əliyev Baş nazir təyin edilmişdir və o, güman ki, iqtidarın əsas namizədi olacaqdır. Təəssüflə deməliyəm ki, mənim ingilis dilində verdiyim müsahibə rus dilinə qüsurlarla tərcümə olunmuş, əsas məqamlar isə “Vaşinqton Profayl” tərəfindən yaxşı başa düşülməmiş və təhrif edilmişdir. Bu da bəzi qüvvələr tərəfindən “sensasiyalı açıqlama” kimi qələmə verilmişdir. Mən Prezident Əliyevin səhhəti haqqında proqnoz verə bilmərəm, bu, yalnız onu müalicə edən həkimlərin işidir”.
Brukinqs İnstitutunda Xəzər hövzəsinin enerji layihələri, Qafqaz və Mərkəzi Asiya ilə bağlı digər məsələlər üzrə mütəxəssis olan Fiona Hill Azərbaycanda avqustun əvvəlində olmuşdur. Onun sözlərinə görə, həmin səfəri zamanı ölkədə aparılan islahatların əsl nəticələrinin şahidi olmuşdur. O demişdir ki, bu, Azərbaycanda tərəqqi mərhələsinin başlanğıcıdır. Azərbaycan bölgədə mühüm rol oynayır. Bu baxımdan, ölkədə seçkilərin azad və ədalətli keçirilməsi indiyədək əldə edilən nailiyyətlərin qorunması, habelə Azərbaycanın xarici sərmayəçilərin gözündə sabit tərəfdaş imici qazanması üçün əhəmiyyətlidir. Azərbaycan müsəlman dünyasında ilk demokratik cümhuriyyət qurduğu kimi, demokratik seçkilər keçirməklə bu dəfə də Mərkəzi Asiya və Yaxın Şərq dövlətlərinə nümunə göstərməlidir.
Seçkiqabağı mərhələni şərh edən Fiona Hill vurğulamışdır ki, İlham Əliyev çox güclü kampaniya aparır. Müxalifətə gəldikdə isə, onların birləşəcəyinə Vaşinqtonda inananlar əvvəldən də az idi. Amerika mütəxəssisi ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan seçiciləri oktyabrın 15-də ölkənin gələcəyinin müəyyənləşdiyini yaxşı anlayırlar. Onlar üzərlərinə düşən məsuliyyəti dərk edərək, hamılıqla səsvermə məntəqələrinə gələcəklər.