İQTİSADİYYAT
FİRƏNGİZ ƏLİZADƏNİN ƏSƏRİ BERLİN BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA SƏSLƏNDİRİLMİŞDİR
Avropanın bir çox ölkələrindən gəlmiş musiqi kollektivləri dünyanın tanınmış müasir bəstəkarlarının əsərlərini ifa edirlər.
AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, avqustun 19-da Berlinin möhtəşəm konsert salonlarından biri olan Jandarmenmarktda Almaniyanın Ulm şəhərinin sinfonik orkestri festivalın repertuarı çərçivəsində Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi “Üç akvarel” vokal əsərini musiqisevərlərə təqdim etmişdir. Alman vokalçısı Barbara Bayer əsəri Azərbaycan dilində ifa etmişdir. Münsiflər heyəti və dinləyicilər həmyerlimizin musiqisini yüksək dəyərləndirmiş, ifaçıların sənətkarlığını alqışlarla qarşılamışlar.
Orkestrin dirijoru və bədii rəhbəri bəstəkar Yürqen Grosinger AZƏRTAC-ın müxbirinə demişdir: “Firəngiz Əlizadənin musiqisi dinləyicini dərhal özünə cəlb edir. Onun əsərlərində Şərq musiqi elementləri Qərbin müasir klassik musiqi elementləri ilə məharətlə sintez olunmuşdur. Bu sintezdən doğan gözəl musiqinin yaradıcısı isə istedadlı bəstəkar Firəngiz Əlizadədir”.
Vokalçı Barbara Bayer isə öz təəssüratını belə ifadə etmişdir: “Firəngiz Əlizadə, şəksiz, istedadlı bəstəkardır. Onun yaratdığı musiqi insanı sanki ovsunlayır, ifaçını ciddi sınağa çəkir və bütün bacarıq və imkanlarından istifadə etməyə sövq edir.”