İQTİSADİYYAT
FİZİKİ ŞƏXSLƏR GƏLİRLƏRİ, HÜQUQİ ŞƏXSLƏR İSƏ MƏNFƏƏTLƏRİ BARƏDƏ VERGİ ORQANLARINA BƏYANNAMƏ TƏQDİM ETMƏLİDİRLƏR
Vergi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ötən il ərzində əldə etdikləri gəlir, hüquqi şəxslər isə mənfəətləri barədə Vergi Məcəlləsinə əsasən vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. Məcəllənin 149-cu maddəsinə əsasən rezident müəssisələr, Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezidentlər, eləcə də vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər bəyannamələri hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək vergi orqanlarına verməlidirlər. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan), əmlakın icarəyə verilməsindən və royaltidən gəlirləri olan, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər isə hesabat ilindən sonrakı ilin aprel ayının15-dək vergi orqanlarına bəyannamələri təqdim etməlidirlər.
Vergi ödəyiciləri bəyannamələrin verilməsi üçün müəyyən edilmiş vaxtadək son hesablamanı aparmalı, cari vergi ödəmələri nəzərə alınmaqla ödənilməmiş vergini müəyyənləşdirməli və həmin məbləği dövlət büdcəsinə köçürməlidirlər.
Vergi ödəyiciləri nazirliyin w.w.w.taxes.gov.az İnternet saytına və vergi orqanlarının vergi ödəyicilərinə xidmət şöbələrinə müraciət etməklə bəyannamələrin doldurulması barədə zəruri məlumat ala bilərlər.