DÜNYA


FRANSADA ARAMSIZ YAĞIŞLAR AĞIR VƏZİYYƏT YARATMIŞDIR

AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir:

Bazar günündən başlayaraq yağan aramsız yağışlar Fransanın cənub-şərq bölgəsində, Aralıq dənizi ətrafındakı Buş-du-Ron, Ot Luar, Var və Kar departamentlərində ağır vəziyyət yaratmışdır. Ölkənin ikinci ən böyük şəhəri Marselin bəzi məhəllələrini su basmışdır. Bir çox yerlərdə suyun səviyyəsi 1-1,5 metrə çatmışdır. Yağışın əmələ gətirdiyi sel onlarca maşını yoldan çıxardaraq qəza yaratmışdır. İki nəfər ölmüş, bir nəfər isə itkin düşmüşdür.

Aramsız yağışlar Şarlyo, Vokulus, Nim və Tarar şəhərlərini, demək olar, iflic vəziyyətinə salmış, ətraf yerlərlə əlaqəni kəsmişdir. Yağışın küçələrdə əmələ gətirdiyi güclü sel yüzlərlə maşını üst-üstə qalaqlamış, ağacları kökündən çıxartmışdır. Əksər evlərin birinci mərtəbəsini su basmış, əhaliyə külli miqdarda maddi zərər dəymişdir. Bu şəhərlərdən iki mindən artıq sakin - qocalar, qadınlar və uşaqlar təhlükəsiz yerlərə köçürülmüş, məktəblərdə dərslər müvəqqəti olaraq dayandırılmışdır. Selin beş nəfərin həyatına son qoyduğu bildirilir.

Ardeş şəhəri yaxınlığındakı atom elektrik stansiyası üçün ciddi təhlükə yarandığından onun 4 reaktoru dayandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.