ELM VƏ TƏHSİL
FRANSA FİLOSOFU POLİTOLOGİYA SAHƏSİNDƏ DÜNYA MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Politologiya sahəsində Aleksis de Tokvil beynəlxalq mükafatı tanınmış Fransa filosofu Pyer Asnerə verilmişdir. Münsiflər heyətinin başçısı – Fransanın sabiq prezidenti, Avropa Konventinin prezidenti Valeri Jiskar de Esten mükafatı Tokvilin Normandiyadakı ata-baba qəsrində təqdim etmişdir.
1979-cu ildə təsis olunmuş Aleksis de Tokvil mükafatına dünyada gedən mürəkkəb proseslərin dərk edilməsinə ən sanballı töhfə vermiş şəxslər layiq görülürlər.
Pyer Asner mükafatın 11-ci laureatıdır. Fransanın ən görkəmli filosoflarından biri olan Asner indi müharibə və sülh məsələlərinin işlənib hazırlanması, terrorizm və totalitar cəmiyyətlər problemləri ilə fəal surətdə məşğuldur. Onun bu il nəşr olunmuş “Vaşinqton və sülh, fövqəldövlətin dlemması,” “Terror və İmperiya” kitabları həm elmi dairələrdə, həm də geniş kütlə arasında böyük maraq doğurmuşdur.