İDMAN
“FUTBOL DÜNYASI” QƏZETİ NƏŞRƏ BAŞLADI
Qəzetin ilk nömrəsi yığma komandamızın Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıqla əlaqədar Türkiyə millisi ilə qarşılaşması ərəfəsində işıq üzü gördüyü üçün həmin komandalara həsr olunmuş materiallar çoxluq təşkil edir. Azarkeşlər Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoyun, qardaş ölkə millisinin baş məşqçisi Fatih Terimin, onun azərbaycanlı həmkarı Şahin Diniyevin, yığmamızın kapitanı Rəşad Sadıqovun, hücumçusu İlqar Qurbanovun və başqalarının müsahibələrini oxuya biləcəklər. Qəzetdəki materialların ruhu belə bir inam aşılayır ki, aprelin 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.Təsadüfi deyildir ki, Fatih Terim bəyan edir: “Qanunlar icazə versəydi, ev oyunlarımızı Bakıda keçirərdik”.
Futbol həvəskarları bu nömrədə hər iki milli komandanın tərkibi ilə tanış ola biləcəklər. “Tədbir”, “Mövqe”, “Avropa futbolu” rubrikaları altında da maraqlı materiallar verilmişdir.
Qəzetdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanov, AFFA-nın prezidenti Ramiz Mirzəyev və futbol veteranı Ələkbər Məmmədovun təbrik məktubları dərc olunmuşdur. Onlar idman mətbuatımızın sıralarına yeni qoşulan qəzetin kollektivinə dövlətimizin düşünülmüş idman siyasətinin təbliğinə öz töhfəsini verməyi, oxucularla futbol dünyası arasında körpü olmağı, futbolçuların və azarkeşlərin tribunasına çevrilməyi arzulayırlar.