İDMAN
FUTBOL ÜZRƏ ÇEMPİONLAR LİQASI TURNİRİNİN 18 FİNAL MƏRHƏLƏSİNİN CAVAB OYUNLARI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, martın 6-7-də futbol üzrə Çempionlar liqası turnirinin səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcəkdir.
Martın 6-da keçiriləcək dörd oyun arasında İngiltərədə yerli “Liverpul” və İspaniyanın “Barselona” klublarının görüşü daha böyük maraq doğurur. İlk oyunda özgə meydançasında 2:1 hesabı ilə qalib gəlmiş ingilislərin dörddəbir final mərhələsinə çıxmaq şansı daha böyükdür. Lakin unutmaq olmaz ki, “Barselona” Çempionlar liqasının 2006-cı il turnirinin qalibidir və özünün “Kamp Nou” stadionundakı acı məğlubiyyətinin əvəzini çıxmaq əzmindədir.
Digər üç oyunda “Lion” (Fransa) “Roma” komandası ilə (İtaliya), “Valensiya” (İspaniya) “İnter” klubu ilə (İtaliya), “Çelsi” (İngiltərə) isə “Portu” ilə (Portuqaliya) qarşılaşacaqdır. Qeyd edək ki, bu cütlüklərdə ilk oyunlar heç-heçə qurtarmışdır.
Martın 7-də turnirin səkkizdəbir final mərhələsinin keçiriləcək daha 4 görüşündə “Bavariya”(Almaniya)-İspaniyanın “Real” komandasını (ilk görüş 2:3), “Mançester Yunayted” (İngiltərə) Fransanın “Lill” klubunu (1:0), “Arsenal” (İngiltərə) Hollandiyanın PSV “Eyndhoven” komandasını (0:1), “Milan” (İtaliya) isə Şotlandiyanın “Seltik” klubunu (0:0) qəbul edəcəkdir.