İQTİSADİYYAT
“Fast Track” akselerasiya proqramının qalibləri “Silikon vadisi”ndə elan edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri ABŞ İnnovasiya Mübadilə Proqramı (“USA Innovation Exchange Program”) çərçivəsində “Silikon vadisi”ndə bir sıra görüşlər keçirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdən sonra Yüksək Texnologiyalar Parkının həyata keçirdiyi “Fast Track” akselerasiya proqramının qalibləri elan olunub. Qaliblərə proqramda iştirak hüququ verən sertifikatlar təqdim olunub.
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qeyd edib ki, qaliblərin məhz “Apple” şirkətinin baş ofisində elan olunması rəmzi xarakter daşıyır. “Bir zamanlar startap və ideya olan “Apple” şirkəti bu gün 1 trilyon dəyərlə dünyanın ən böyük şirkətidir. Biz istədik ki, Azərbaycan startapları bu uğuru, miqyası və real nəticəni əyani görüb hiss etsinlər və layihələrinə inamları daha da artsın”, - deyə o əlavə edib.
“Fast Track” dövlət qurumu tərəfindən həyata keçirilən ilk akselerasiya proqramıdır. Bu proqramın qalibi olmuş startap layihələrinə 4 ay ərzində müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri göstəriləcək. Qaliblər, həmçinin dövlət qurumları və özəl şirkətlərlə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək alacaqlar. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına kömək göstəriləcək.
“Fast Track” proqramının münsifləri və mentorları ABŞ, İsrail, Polşa, Türkiyə və Rusiyadandır.
“Fast Track” Akselerasiya proqramının qalibləri: “Tap2Doc”, “Data Forest”, “IQREX”, “Onbranch”, “Healthy Living”.
“Golden ticket” almış layihələr: “Buglance”, “KeepFace”.