REGİONLAR


Fatma Hüseynova: Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarıb

Sabirabadda gün ərzində sahələrdən 170-180 ton pambıq yığılır

Sabirabad, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC 

Sabirabadda kütləvi pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 170-180 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günə kimi plantasiyalardan 1349 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun hamısı əl ilə yığılıb. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq .

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il 13 min 55 hektar pambıq sahəsindən 17 min 288 tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi dəstək fermerlərin bu ənənəvi və əməktutumlu sahəyə marağını daha da artırıb. İndi rayonda yüzlərlə fermer pambıq əkini ilə məşğul olur və istehsal etdiyi məhsulun satışından yaxşı qazanc götürürlər.

Uzun illər pambıq əkini ilə məşğul olan adlı-sanlı pambıqçı, Sosialist Əməyi qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova ötən il 30 hektar sahədə pambıq becərib və hər hektardan 55 sentner məhsul götürməklə 165 ton məhsul istehsal edib. Pambıqçı bu il 24 hektar sahədə pambıq əkib. Bu il də sahəsində məhsul çoxdur. O, yetişdirdiyi məhsulun son qozasına qədər toplanılması üçün bütün qüvvələri səfərbər edib.

“Gənclik illərimdən bu sahədə çalışıram. Pambığın əkilib-becərilməsində yaxşı təcrübə qazanmışam. Bunun sayəsində də hər il məhsulum bol olur. Son illər ölkəmizdə pambıqçılığın dirçəldilməsinə göstərilən qayğı məni çox sevindirir. Çünki ömrümün 50-55 ilini bu sahədə işləmişəm. Əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini ilə məşğul olmağım məni sanki gənclik illərinə qaytarıb. İndi daha böyük həvəslə işləyirəm. Dövlətimizin aqrar siyasətinə kiçik də olsa töhfə verdiyim üçün özümü xoşbəxt sayıram”, - deyə fermer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.