REGİONLAR
Fatmayı kəndində şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
Fatmayı, 27 aprel, AZƏRTAC
Abşeron rayonunun Fatmayı kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Anar Süleyman oğlu Bahadurovun xatirəsinə inşa edilən bulağın açılış olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Fatmayı kənd Bələdiyyəsi və icra nümayəndəsi, ağsaqqallar, Fatmayı kənd orta məktəbinin müəllim və şagirdləri, gənclər, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimindəki çıxışlarda şəhid Anar Bahadurovun qısa, lakin şərəfli həyat yolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.
Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Anar Bahadurov və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncam ilə Anar Bahadurov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.