CƏMİYYƏT
Fəaliyyətə başladığı bir ayda “DOST” mərkəzi 8 minə yaxın vətəndaşa xidmət göstərib
Bakı, 13 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinə indiyədək 7,9 minə yaxın vətəndaş müraciət edib.
Bu barədə “DOST” mərkəzinin direktoru Seymur Alıyev AZƏRTAC-a müsahibəsində deyib.
Onun verdiyi məlumata görə, həmin müraciətlərin 6,6 mini sosial müdafiə, 764-ü məşğulluq, 412-si əlillik, 57-si əmək münasibətləri və 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışların verilməsi ilə bağlı olub.
Qeyd edək ki, bu il mayın 9-da açılan 1 saylı “DOST” mərkəzi Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərir. Əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə 126 növ xidmət göstərilən mərkəzdə hər gün 400-dən çox vətəndaş müraciəti qeydə alınır.