CƏMİYYƏT
Fəaliyyətinə icazə verilən təşkilatlar yalnız tələb olunan əməkdaşları haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidirlər
Bakı, 20 iyun, AZƏRTAC
Sərtləşdirilmiş karantin rejimi dövründə fəaliyyətinə icazə verilən təşkilatların işçiləri haqqında məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə etməklə “icaze.e-gov.az” portalına daxil edilir. Həmin şirkətlərdən yalnız tələb olunan əməkdaşları haqqında məlumatları portala yerləşdirməyi xahiş edirik.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 20-də Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, Nazirlər Kabinetinin mövcud qərarında da yalnız tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə portala yerləşdirilməsi qeyd olunur. Təəssüf ki, bəzi müəssisələr, təşkilatlar və qurumlar işçilərinin hamısının adını həmin portala daxil edir. Ona görə də daha çox hərəkət və təmas olur. Əgər hər hansı işçi bir gün işləyib, iki gün istirahətdə olursa, onun məhz iş günləri qeyd edilməlidir. Çünki bu yolla həmin şəxslərin verilən icazədən sui-istifadə etmələrinin qarşısını almaq olar.