İDMAN
Felipe Massa karyerasının başa çatdığını elan edib
Bakı, 7 noyabr, AZƏRTAC
Felipe Massa Formula-1 yarışlarında karyerasını başa vuracağını təsdiqləyib. Onun sonuncu yürüşləri Braziliya və Abu-Dabi Qran-priləri olacaq. AZƏRTAC F1News.ru saytina istinadla xəbər verir ki, Massanın bu qərarı 36 yaşlı braziliyalının heç də avtomobil idmanı ilə vidalaşması demək deyil. O, sosial şəbəkələrdə yerləşdirilən videomüraciətində deyib: “Bildiyiniz kimi, keçən il mən Formula-1 yarışlarında karyeramın başa çatdığını elan etdim, lakin “Williams”ın xahişinə görə daha bir mövsüm üçün qaldım. Lakin bu dəfə Braziliya və Abu-Dabi Qran-priləri mənim Formula-1 yarışlarında son yürüşlərim olacaq. Ailəmə, bütün dostlarıma, sponsorlara və azarkeşlərə məni əla dəstəklədiklərinə görə təşəkkür edirəm.
Hamıya təşəkkür edirəm, sizi İnterlaqosda və Abu-Dabidə görəcəyimə ümid edirəm. Həmçinin ümidvaram ki, siz mənə gələn il və digər yürüş kateqoriyalarına qatılacağım növbəti illərdə azarkeşlik edəcəksiniz. Biz hələ görüşəcəyik”.
Noyabrın 8-də San-Pauluda Felipe Massanın istefası münasibətilə mətbuat konfransı keçiriləcək. Felipe dünya çempionatında özünün 15-ci mövsümünü başa vuranda onun hesabında Qran-Pridə 269 start olacaq. İndiyədək o, 11 qələbə, 16 poul qazanıb və 41 dəfə podiuma çıxıb. Maraqlı bir statistik göstərici isə ondan ibarətdir ki, Massa sonuncu yürüşünü keçirən zaman onun tərəfindən Formula-1 yarışlarında qət edilmiş ümumi məsafənin uzunluğu 74 min kilometri ötəcək.