REGİONLAR


Fənn müsabiqələri və olimpiadaların qalibləri mükafatlandırılıblar

Naxçıvan, 5 avqust, AZƏRTAC

Respublika fənn olimpiadalarının, Lütfi Zadə adına məntiq olimpiadasının və Respublika fənn müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində keçirilən çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqələrin əhəmiyyətini qeyd edib. Qalibləri təbrik edən nazir bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.

“Təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsində muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı, buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər”, - deyən Rəhman Məmmədov muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışaraq bildirib ki, 2021-2022-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin olimpiadalarda iştirakı diqqətdə saxlanılıb, olimpiada hərəkatı gücləndirilib. Belə ki, 2021-2022-ci tədris ilində də VII-IX sinif şagirdləri üçün Amerikan Beynəlxalq riyaziyyat müsabiqəsi, IX-XI sinif şagirdləri üçün məktəblilərin respublika fənn olimpiadası, V sinif şagirdləri üçün Lütfi Zadə adına məntiq olimpiadası, II-X sinif şagirdləri üçün Kenquru beynəlxalq riyaziyyat müsabiqəsi və VI-VII siniflərdə təhsil alan şagirdlər üçün VII respublika fənn müsabiqəsi, həmçinin şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq I-XI sinif şagirdləri üçün SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib.

Diqqətə çatdırılıb ki, keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 2426 şagird iştirak edib, 239 şagird qalib olub. Bu şagirdlərdən 28-i respublika fənn olimpiadasının, 10-u Lütfi Zadə adına məntiq olimpiadasının, 10-u isə respublika fənn müsabiqəsinin qalibidir. Təhsil naziri müsabiqə və olimpiadalarda uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov çıxış edərək təşkilati işlər barədə məlumat verib. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin XI sinif şagirdi, respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə I yerin qalibi Cahangir Əlisoy muxtar respublikada şagirdlər üçün yaradılan müasir tədris şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra şagirdlərə medal və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, IX-XI siniflər üzrə keçirilən respublika fənn olimpiadalarında şagirdlərdən 6-sı I, 15-i II, 7-si III yerin, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında şagirdlərdən 2-si I, 3-ü II, 5-i III yerin, VIII sinif şagirdləri üçün keçirilən respublika fənn müsabiqələrində isə şagirdlərdən 2-si I, 3-ü II, 5-i isə III yerin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.