Fəqan Abdurrəhmanov: Festival çərçivəsində vətəndaşlara yaşıl enerji texnologiyalarının faydalarını aşılamağa çalışdıq
AzerTAg.az
Bakı, 30 may, AZƏRTAC
"TEKNOFEST Azərbaycan" çərçivəsində öz stendimizdə yaşıl enerji texnologiyalarının nümayişini həyata keçirdik.
Stendimizin əsas məqsədi Günəş panelləri və külək turbinlərinin istehsalı prosesinin, onların evləri necə elektrik enerjisi ilə təmin etməsinin göstərilməsi idi. Bununla yanaşı, Günəş kollektoru, yeni nəsil Günəş panelləri, bioenerji sobası, biokütlə olaraq fındıq qabığından hazırlanan briket, Günəş enerji əsaslı müxtəlif lampalar, fanarlar, poverbanklar, portativ və elastik Günəş panellərinin də nümayişini həyata keçirdik. Həmçinin əlavə olaraq dörd gün ərzində gündə iki dəfə olmaqla agentliyin və BP şirkətinin mütəxəssisləri bərpa olunan enerji mənbələri, inspeksiya avadanlıqları, bərpa olunan enerji üzrə nəticələr, perspektivlər, cari işlər, qarşıda duran vəzifələr və bir sıra mövzularda təlimlər keçdilər. Festivalın sonuncu günündə isə "Yaşıl texnologiyalar" müsabiqəsində məktəblilər arasında mükafatçılar sırasına düşməyən komandalardan birini həvəsləndirici mükafatla təltif etdik. Ümumilikdə festival ərzində vətəndaşlara yaşıl enerji texnologiyalarının faydalarını aşılamağa çalışdıq.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin bərpa olunan enerji mənbələrinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurrəhmanov deyib.
"Festival ölkəmizdə ilk dəfə olaraq keçirilsə də, düşünürəm ki, çox uğurla təşkil olundu. Vətəndaşların marağı kifayət qədər idi. Xüsusilə gənclərin stendimizə yaxınlaşmaları, məlumat almaları, öz bildiklərini paylaşmaları, bu sahədə məlumatlı olmaları bizi sevindirdi", - deyə F.Abdurrəhmanov bildirib.


Xəbərin mətnində orfoqrafik səhv var