CƏMİYYƏT
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Azərenerji” ASC-nin birgə təşkil etdikləri “Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qurumun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin bildirib ki, “Azərenerji” ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə olunması və elektrik enerjisinə artan tələbatın ödənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar reallaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
İcraçı direktor yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəfərinin əsas, 10 nəfərinin həvəsləndirici mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb. O, müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən iştirakçıların da diqqətdən kənarda qalmadığını, “Azərenerji” ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların da mükafatlandırılacağını bildirib.
“Azərenerji” ASC-nin prezidentinin müşaviri Arif Həşimov Fondla birgə keçirilən müsabiqənin kütləvi informasiya vasitələri ilə “Azərenerji” ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda energetika sisteminin tarixi, keçmiş Sovet İttifaqı dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. Müşavir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.