DÜNYA
Fərdi kompyuter bazarında azalma davam edəcək
Bakı, 1 sentyabr, AZƏRTAC
“IDC”nin analitikləri qlobal fərdi kompyuter bazarı üzrə proqnoza dəyişiklik edib. Belə ki, əgər cari ilin mayında 2017-ci ildə tədarük həcminin 1.6 faiz azalması proqnozlaşdırılmışdısa, indi bu göstərici 2.1 faiz səviyyəsindədir. 2016-cı ilə olan proqnoza heç bir dəyişiklik edilməyib. Analitiklər tədarük həcminin 7.2 faiz azalacağını bildirib.
Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə fərdi kompyuterlərin tədarük həcmi 10.4 faiz, 2014-cü ildə 2.1 faiz, 2008-ci ildə isə 9.8 faiz azalıb.
AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, 2016-cı ilin ikinci rübündə dünya bazarında fərdi kompyuter tədarükü 4.1 faiz azalıb, halbuki “IDC” bu göstəricini 7.5 faiz səviyyəsində proqnozlaşdırmışdı. Şirkət bunu ABŞ, Qərbi Avropa və Latın Amerikasında fərdi kompyuterlərə tələbatın artması ilə izah edib.
Eyni zamanda, siyasi qeyri-sabitlik, məzənnə dəyişikliyi, məhsulların qiymətinin artması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda referendumun nəticəsi və digər proseslər qlobal fərdi kompyuter bazarına neqativ təsir göstərməkdə davam edir.
2018-ci ildə “IDC”-nin analitikləri dünya bazarında fərdi kompyuter tədarükünün artımını proqnozlaşdırır. “IDC”nin qlobal fərdi kompyuter bazarının tədqiqi üzrə vitse-prezidenti Loren Louverd izah edib ki, bazarın sabitləşməsi üzrə tendensiya artıq özünü büruzə verir. Şirkətin analitikləri bildiriblər ki, məhz korporativ seqment sayəsində 2018-ci ildə fərdi kompyuter bazarında dinamika mənfi olmayacaq.