İDMAN
Ferdinando Peşi: Bakı Su İdmanı Sarayında irimiqyaslı yarışların təşkil olunması üçün hər cür şərait yaradılıb
Bakı, 7 may, Səxavət Quliyev, AZƏRTAC
Bakı Su İdmanı Sarayı çox möhtəşəmdir. Burada irimiqyaslı yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən beynəlxalq turnirdə iştirak edən su polosu üzrə İtaliya yığma komandasının baş məşqçisi Ferdinando Peşi deyib.
Bildirib ki, arenada su polosu üzrə beynəlxalq turnirin təşkil olunması komandalar üçün ilk Avropa Oyunları ərəfəsində mükəmməl hazırlıqdır. Turnir çərçivəsində bir neçə oyunu izləmişəm. Rusiya millisini güclü rəqib olduğunu düşünürəm. Nəzərə alsaq ki, İtaliya millisi Rusiya yığması ilə ilk Avropa Oyunlarının qrup mərhələsində də üz-üzə gələcək, görüşlərin gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar.
İtaliyalı baş məşqçi qeyd edib ki, Bakının ilk Avropa Oyunlarına hazırlığını şəhərdəki ab-havadan hiss etmək mümkündür. Tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir. Burada gördüyümüz qonaqpərvərlik və turnirin yüksək səviyyədə təşkili bizi yeni qələbələrə ruhlandırır.
İlk Avropa Oyunlarında kişilərdən ibarət su polosu üzrə Azərbaycan millisi “B” qrupunda Macarıstan, Almaniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq. “A” qrupunda İtaliya, Rusiya, Fransa, Ukrayna, “C” qrupunda Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə, “D” qrupunda isə Serbiya, İspaniya, Slovakiya və Malta yığmaları üz-üzə gələcək.