İDMAN
Avropa Olimpiya Komitəsi Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır
Bakı, 14 sentyabr, AZƏRTAC
Olimpiya hərəkatı ilə bağlı tədbirləri işıqlandıran, mötəbər idman yarışlarından yazan beynəlxalq “Around the Rings” internet portalında “Bakı-2015” ilk Avropa Oyunlarının müsbət nəticələrinə həsr olunmuş “AOK Avropa Oyunlarının gələcəyinə Bakı layihəsindən baxır” sərlövhəli material yerləşdirilib.
AZƏRTAC materialın xülasəsini təqdim edir.
X X X
“Around the rings” yazır ki, Romada “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilmiş iki günlük iclas keçirilib. İclasda “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi ilə bağlı uğurlu təcrübədən söhbət açılıb. Tədbirdə Bakıda həyata keçirilən bu uğurlu layihə yüksək qiymətləndirilib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sədrliyi ilə keçən iclasda AOK-un İcraiyyə Komitəsinin üzvləri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” ilk Avropa Oyunları əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos, həmçinin Oyunların əməliyyat komitəsinin baş direktoru Saymon Kleq, habelə idman direktoru Pirs O`Kallahan, ekspert məsləhətçilər iştirak ediblər.
İclasda idman proqramlarının tərtibi, yekun protokolun hazırlanması, 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına hazırlıq işlərində Bakı təcrübəsindən geniş istifadə edilməsi məsələləri ətraflı müzakirə olunub.
AOK-un prezidenti Patrik Hikki deyibI “Bakı-2015” bizim bütün ümidlərimizi doğrultdu və mən deməliyəm ki, Azərbaycan Avropa Oyunları anlayışına çox böyük xidmət göstərdi. İlk Avropa Oyunları dünyanın dörd bir tərəfinin Olimpiya ailəsindən inanılmaz təriflər aldı və biz “Avropa Oyunları gəldi” sözünü dünyaya çatdırmağın bundan yaxşı yolunu arzulaya bilməzdik.
AOK bütün bu zəngin təcrübə barədə informasiyaları gələcək nəşrlər üçün qoruyub saxlayır. Çeviklik və yenilik bizim devizimiz olaraq qalır. Lakin bizim artıq beynəlxalq səviyyədə tanınan ən qabaqcıl təcrübəmiz var və biz öz işimizi onun üzərində qurmalıyıq”.
İclasda Patrik Hikkiyə “Bakı-2015”in medallar dəsti təqdim edilib.
Sonra AOK-un prezidenti Patrik Hikki ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun təkbətək görüşü olub.