İDMAN
“Neftçi İdman Klubu”nun ilk Avropa Oyunlarına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb
Bakı, 17 sentyabr, AZƏRTAC
“Neftçi İdman Klubu”nun ilk Avropa Oyunlarına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın ideya rəhbəri "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovdur.
AZƏRTAC xəbər verir ki, klubun idmançılarının beynəlxalq arenalarda, xüsusilə də “Bakı-2015” birinci Avropa Oyunlarında qazandıqları böyük uğurlardan bəhs edən jurnal nəfis tərtibatı ilə diqqəti cəlb edir və bu oyunlardan sonra çap olunan məhsullar arasında ümumi səviyyə baxımından bəlkə də bir ilkdir.
Jurnalın “Azərbaycan - idman ölkəsi” bölümündə respublikamız müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bunun sayəsində ölkəmizdə idmanın sürətlə inkişaf etməsindən söhbət açılır.
“Birinci Avropa Oyunları ölkəmizi bütün dünyaya tanıtdı” sərlövhəli yazıda aparılmış düzgün idman siyasəti nəticəsində Azərbaycanın bir çox beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edərək etimadı doğrultmasından və nəticədə ilk Avropa Oyunlarının təşkil olunmasının rəsmi Bakıya etibar edilməsindən danışılır. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunların yüksək səviyyədə təşkil olunması üçün var gücü ilə çalışması və buna gözləniləndən də artıq dərəcədə nail olması haqda fikirlər də jurnalın səhifələrində yer alır.
Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini əhatə edən bölmələrdə 68 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkən heyrətamiz mənzərədən bəhs olunur. Azərbaycanın orijinallığı ilə tamaşaçıları vəcdə gətirən bu mərasimlərlə Avropa Oyunlarının ilk parlaq səhifəsini yazdığı xüsusi vurğulanır.
“Neftçi İdman Klubu”nun idmançıları Avropa Oyunlarını uğurla başa vurdular” bölməsində atletlərimizin bu oyunlardakı möhtəşəm çıxışlarından söz açılır. Klubun yetirmələrinin oyunlarda rekord sayda - 79 idmançı ilə təmsil olunması və 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürünc olmaqla 16 medala sahib olması əsas müzakirə mövzularındandır. Jurnalda klubun Avropa Oyunlarının qalibi olmuş təmsilçilərindən Rəsul Çunayev və İlham Zəkiyevlə müsahibələr, eləcə də "Möhtəşəm azarkeşlər” mövzusunda yazı ilə tanış olmaq mümkündür.
“Neftçi İdman Klubu”nun idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı” başlıqlı yazıda şirkət prezidenti Rövnəq Abdullayevin idmançılarımızla görüşü, onları təbrik etməsi, klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun idmançıların ilk Avropa Oyunlarındakı çıxışlarından hazırlanmış diski, eləcə də bu oyunların xatirə hədiyyəsini Rövnəq Abdullayevə təqdim etməsi haqda qeydlər və görüntülər özündə maraqlı məqamları əks etdirir.
“Klubumuz Avropa Oyunlarında tarix yazdı”, "Neftçi İdman Klubu” - lider idman cəmiyyəti” sərlövhəli yazılarda idmançılarımızın Avropa Oyunlarında, eləcə də son illər ərzində beynəlxalq arenalarda qazandıqları böyük uğurlardan geniş söhbət açılır.
“Avropa Oyunları dünya mediasında” bölümündə dünyanın nüfuzlu media vasitələrinin birinci Avropa Oyunlarına geniş yer ayırmasından, xüsusilə açılış və bağlanış mərasimlərində bütün dünyanın diqqətini Azərbaycana yönəltməsindən, Oyunlar haqda xəbərlərin xarici KİV-lərin baş xəbərlərinə çevrilməsindən bəhs olunur. “Bakı-2015” ilk Avropa Oyunlarının dünyanın kütləvi informasiya vasitələrində çox böyük əks-səda doğurması diqqətə çatdırılır.