REGİONLAR
Fərhad Bədəlbəyli: Bakı Musiqi Akademiyası nailiyyətlərlə zəngin və şərəfli bir yol keçib
Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Bildiyiniz kimi, Prezident İlham Əliyev bu il mayın 26-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam bizim üçün böyük bir hədiyyə idi. Növbəti Qəbələ Musiqi Festivalı da məhz Musiqi Akademiyamızın 100 illiyinə həsr olunub. Bakı Musiqi Akademiyası milli musiqi mədəniyyəti və elm-təhsil mühitinə verdiyi töhfələrlə yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin və şərəfli bir yol keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, XII Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli deyib.
Builki Qəbələ Musiqi Festivalında ancaq Musiqi Akademiyasının müəllim və tələbələrinin, məzunlarının iştirak etdiyini diqqətə çatdıran musiqiçi deyib: “Məzunlarımız arasında məşhur ifaçılar da var. Xalq artisti Rauf Abdullayev də, öz hərbi orkestri ilə festivalın açılış mərasimində iştirak edən general-mayor Yusif Axundzadə də bizim məzunlarımızdandır. Orkestrlərdə ifa edən musiqiçilər də bizim məzunlarımızdır. Konsertlərdə, eyni zamanda, bizim ən istedadlı tələbələrimiz ifa edirlər. Bu, mənim üçün çox vacib idi. Biz onları festivaldan əvvəl Bakıda keçirdiyimiz müsabiqənin iştirakçıları arasından seçmişik.
Festivalın bədii rəhbəri bildirib ki, konsertlər pandemiya dövrünün tələblərinə uyğun, tibbi maskalardan istifadə edilməklə, tamaşaçılar arasında sosial məsafə gözlənilməklə keçirilir. Bu, çox vacibdir. Festival boyu bu qaydalara riayət olunacaq.
Festivalın konsertlərində Zəfər tariximizin də əks olunduğunu vurğulayan Fərhad Bədəlbəyli deyib: “Bəstəkar Firəngiz Əlizadə də, mən də “Zəfər marşı” yazmışıq. Açılış mərasimində hər iki əsər təqdim olundu. Festivalımızı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri açdı. Fəxr edirəm ki, məzunlarımızın arasında Vətən müharibəsinin iştirakçıları da var. Onlardan ikisi Qəbələ festivalında iştirak edir”.