İDMAN
Fərid Qayıbov: İnanıram ki, nəticələr yaxşı olacaq
Konya, 8 avqust, Səxavət Quliyev, AZƏRTAC
Əllidən artıq ölkənin iştirak etdiyi V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ən böyük nümayəndə heyəti ilə təmsil olunub. Bu, onu göstərir ki, Azərbaycanda idman inkişaf edir. Komandamız İslamiadada 24 növdən 22-də iştirak edir. Belə böyük nümayəndə heyəti ilə təmsil olunmaq bizim üçün şərəfli və qürurludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, ötən İslamiada ilə budəfəki oyunlarda müəyyən fərqlər var. Son İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdi və bir çox ölkələr Asiya Oyunları ilə bağlı yarışa tam heyətlə gələ bilməmişdilər. Budəfəki yarışda bəzi idman növlərində komandamızın 1 nömrəliləri iştirak etmir. Bu, yaxın zamanlarda keçiriləcək dünya çempionatlarına hazırlıqla bağlıdır. Həm “Neftçi”, həm də “Qarabağ” avrokubokda iştirakla əlaqədar yarışa qatıla bilməyiblər. Komandamızın əsas oyunçuları isə bu komandalardandır.
Federasiyaların yarışa ciddi hazırlaşdıqlarını xüsusi qeyd edən nazir komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib: “Düzdür, burada ev sahibi Türkiyə, eləcə də İran, Qazaxıstan, Özbəkistan kimi güclü ölkələrin komandaları iştirak edir. Amma komandamızda əhval-ruhiyyə yüksəkdir və idmançılarımız qələbəyə kökləniblər”.
Fərid Qayıbov komandada legionerlərin sayının da azaldığını, bunun isə güclü idmançılarımızın yetişməsi ilə əlaqədar olduğunu bildirib. Nazir onu da qeyd edib ki, ilk dəfədir media nümayəndələrimiz də bu yarışa çox sayda qatılırlar. Bu isə Azərbaycanda azarkeşlərimizin hər bir idman növü və yarışdan ətraflı məlumat ala bilməsi üçündür.
Gənclər və idman naziri dövlət tərəfindən nümayəndə heyəti üçün hər bir şərait yaradıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim idmançılarla maraqlanır və öz tapşırıqlarını verirlər: “Komandamız daha bir ciddi sınaq qarşısındadır. İnanıram ki, nəticələr yaxşı olacaq”.